“Həyat yoldaşıma zəng edib deyirlər ki, yoldaşını qızla görmüşük” – Təhminənin “Zauru”

Paylaşmaq gözəldir...

Aktyor Cövdət Şükürovun milli.az-a müsahibəsi.

– Cövdət, istərdim söhbətimizə yeni çəkildiyiniz “Təhminə və Zaur” serialındakı Zaur obrazınızdan danışmaqla başlayaq. Ümumiyyətlə, Zaur obrazı arzuladığınız rollar siyahısında idi?

– Mən bundan əvvəl bir başqa serialda çəkilirdim. May ayında həmin serial bitər-bitməz Sain Qəhrəman məni “Təhminə və Zaur” serialında Zaur obrazına dəvət etdi. Əlbəttə ki, Zaur arzuladığım obraz idi. Çünki “Təhminə və Zaur” filmi bizim uşaqlığımızın sevgi filmi idi. Uşaq vaxtı kimi sevirdiksə, dərhal bu filmə baxıb, həmin insana eşq elan edirdik. Bəlkə də beynimdə şüuraltı bu obrazı oynamaq istəmişəm. Digər rollarıma böyük həvəslə necə hazırlaşmışamsa bu obraza da elə hazırlaşıram. Xüsusi bir əlavə ruh yüksəkliyi yoxdur.

– Yaraşıqlı aktyor olduğunuza görə sizə daha çox baş rollar verilir. Məncə, siz elə bütün rollarınızda “Zaur” olmusunuz.

– “Cehizsiz gəlinlər” serialında da mən Zaur obrazını oynamışam. Amma o, tam başqa bir Zaur idi.

– Filmdəki Zaurla, serialdakı Zaurun fərqi nədir?

– Mən filmi örnək götürməmişəm, nəticədə biz əsər oynayırıq. Əsərdə bir qədər Zaur qadın düşkünüdür. Bizim serial başqa cür başladığı üçün mən Zaurun “qızbaz” tərəfini göstərə bilməyəcəyəm.

– Serialda açıq-saçıq səhnələr gözlənilir?

– Filmlə serial çox fərqlidir. Serial həftəiçi axşam saatlarında efirdə gedir. Buna evdə qadın da, uşaq da baxır. Açıq-saçıq səhnələri tam göstərə bilmərik. Ona görə bizim sevgimiz tamaşaçıya qaranlıq qalacaq. Biz daha çox əziyyət çəkməliyik ki, o sevgini tamaşaçıya göstərə bilək. O açıq-saçıqlığı bir baxışla, hərəkətlə, sözlə də ifadə etmək olar.

– Bütün qınaqlara hazırsınız?

– Mən inanmıram ki, tamaşaçılar bizi qınasın. Əminəm ki, “Təhminə və Zaur” filmini necə sevirlərsə, serialı da elə sevəcəklər.

– Teatrda çalışırsınız?

– Bəli, Bakı Bələdiyyə Teatrında çalışıram. Sağ olsun Amaliya xanım bizə seriallarda çəkilməyə imkan yaradır.

– Özünüzü tələbatlı aktyor hesab edirsiniz?

– Vallah nə deyim? (gülür). Danışacağam, deyəcəklər ki, təkəbbürlüdür. Hər mövsüm bir ekran işində rol alıramsa, deməli, tələbatlıyam. Bu gün mənə əgər tələbat varsa, demək ki, əziyyətim boşa getməyib.

– Serialdan aldığınız qonorar maddi ehtiyaclarınızı ödəyir?

– Əlbəttə ki, başqa bir ölkədə olsaydım, daha çox qonorar alardım. Türkiyədə və digər ölkələrdə qonorar daha çoxdur. Bir aktyor kimi qonorar məni qane etməsə də, insan kimi edir.

– Həyat yoldaşınız sizi serialda çəkildiyiniz xanımlara qısqanır, yoxsa…

– Əslində, o, normal qəbul edir. Bu, mənim işimdir və çox vaxt o da mənim yanımda olur. Kənardan bəzən zəng edib, deyirlər ki, yoldaşını qızla görmüşük. Sosial şəbəkələrdə dayanmadan yazırlar ki, görəsən, bunun xanımı qısqanmır?! Elə bilirlər ki, kimləsə sevgi rollarını bölüşmüsənsə, mütləq onunla sevgili olmalısan.

– Övladlarınıza vaxt ayıra bilirsiniz?

– O, bir az çətindir. Səhər çıxıram, axşam gəlirəm. Hər ikisi baxçaya gedir, onları baxçaya aparıram. Evə gələndə də yatmış olurlar. Oğlum şikayət edir ki, məni parka aparmırsan (gülür).

38 dəfə baxılıb...

Oxşar postlar